Xəbərlər

2024-05-15

Çində növbəti "Azərbaycan Ticarət Evi" açılıb

Azərbaycanın Çində sayca 6-ci ticarət evi açılıb.

Mayın 15-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin Nankin şəhərində “Azərbaycan Ticarət Evi”i açılıb.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Nankin Şəhər Xalq Hökumətinin Baş katibinin müavini Çen Youmin, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən açılış mərasimində bildirilib ki, Azərbaycanla Çin arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, ticarətin həcmi genişlənir. Bu işgüzar tərəfdaşlığın nəticəsidir ki, sayca 6-cı ticarət evi fəaliyyətə başlayır.

Diqqətə çatdırılıb ki, ticarət evində 340 kv. m ərazidə xalça, şərab, araq, brendi, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satışa çıxarılıb. Burada məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilək. Bununla yanaşı, ticarət evində mütəmadi olaraq məhsulların dequstasiyası da təşkil olunacaq. Bundan başqa, ticarət evinə gələn qonaqlar “Made in Azerbaijan” məhsulları ilə yaxından tanış olmaqla yanaşı, ölkəmizin biznes və investisiya mühiti, habelə nəqliyyat-tranzit və turizm potensialı haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.