Xəbərlər
Azərbaycan Texnologiya Universiteti ilə Qəbələ konserv zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Texnologiya Universiteti ilə Qəbələ konserv zavodu arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu məqsədlə Qəbələ konserv zavodunda baş tutan görüşdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər bir daha müzakirə edilib, təkliflər irəli sürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əməkdaşlıq memorandumuna Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərovla Qəbələ konserv zavodunun direktoru Oğuz Demirkıran imza atıblar.
Azərbaycan Texnologiya Universiteti Qəbələ konserv zavodu ilə 2023-cü ilin aprelin 5-dən əməkdaşlıq əlaqələri qurub. Bu müddət ərzində Yaşar Ömərov nümayəndə heyəti ilə Qəbələ Qida Şəhərciyində səfərdə olub, müəssisədə infrastruktur, istehsalat prosesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və rast gəlinən problemlərlə yaxından tanış olub.
Qeyd edək ki, dövlətimizin başçısı bu ilin aprelində Qəbələ Qida Şəhərciyində zavodun məhsulları ilə yaxından tanış olub. Müəssisə çipsi, meyvə şirəsi, nektar daxil olmaqla təxminən 100 çeşiddə məhsul istehsal edir. Zavodun "Chipsim", "Pepsi", "Jalə", "Natura", "Mia", "AQUA" kimi brendləri xarici bazarlarda da yer tutur.